Finlandiya Ukraynaya 188 milyon avroluq yardım paketi ayırıb

Finlandiya Ukraynaya 188 milyon avroluq yardım paketi ayırıb

"Hazırda Ukraynaya ordu göndərmək üçün səbəb yoxdur".

Birxeber.Az YLE-yə istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Finlandiya Prezidenti Aleksander Stubb ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"İndi qoşun göndərmək üçün heç bir səbəb yoxdur. Biz Ukraynanı maliyyə və hərbi yardımla dəstəkləyirik. Eyni zamanda Ukraynanın beynəlxalq alyanslara inteqrasiyasını dəstəkləyirik", - deyə Finlandiyanın Ukrayna ərazisinə ordu göndərib-göndərməməsi ilə bağlı suala cavab verən Prezident Stubb bildirib.

Stubb Finlandiyanın Ukraynaya 23-cü müdafiə avadanlığı yardımı paketini göndərməyə qərar verdiyini də açıqlayıb. Hərbi yardım paketinin dəyəri 188 milyon avrodur. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, Finlandiya indiyə qədər Ukraynaya ümumi dəyəri təxminən iki milyard avro olan müdafiə avadanlıqları bağışlayıb.

Ukrayna Prezidenti Zelenski isə mətbuat konfransında deyib ki, Ukraynanın əsas istəyi ölkənin öz qüvvələrinin tam təchizatlı olması və özünü müdafiə edə bilməsidir.