Ermənistan mətbuatı: Koçaryan iki aydır ölkədə yoxdur

Ermənistan mətbuatı: Koçaryan iki aydır ölkədə yoxdur

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu il yanvarın sonunda Almaniyaya gedib.

“Report” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilib ki, tərəfdarları Robert Koçaryanın fəal siyasətdən getmədiyini və komandadaxili prosesləri idarə etdiyini deyərək xəbəri təkzib etsələr də, reallıqda belə deyil. Məlumata görə, keçmiş prezident “Ermənistan” parlament fraksiyasındakı müttəfiqləri ilə həftələrdir görüşmür.

Qəzet bildirib ki, Koçaryan çoxdandır Avropada, çox güman Almaniyadadır: “Hətta oradan martın 8-də qadınları və martın 17-də Vladımır Putini yenidən Rusiya Prezidenti seçilməsi münasibəti ilə təbrik edib”.

“Hraparak” ın məlumatına görə, o, yanvarın sonunda Ermənistanı tərk edib.

Qəzet məsələ ilə bağlı “Ermənistan” fraksiyasının deputatı Aqnes Xamoyana müraciət edərək sonuncu dəfə Koçaryanla nə vaxt görüşdüklərini və nəyi müzakirə etdiklərini soruşub. O da eks-prezidentlə sonuncu dəfə ötən il dekabrın sonunda səyyar toplantıda görüşdüklərini deyib.

“Koçaryanın xaricdə olduğu xəbəri doğrudur” sualına cavabında isə deyib ki, ölkədən çıxması ilə bağlı eks-prezidentin vəkillərinin məhkəmədəki son vəsatəti təmin olunub: “Başqa heç bir şərh verə bilmərəm”.