Ermənistanın mina terroru davam edir, beynəlxalq ictimaiyyət "ağzına su alıb oturur" - ŞƏRH

Ermənistanın mina terroru davam edir, beynəlxalq ictimaiyyət "ağzına su alıb oturur" - ŞƏRH

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə mane olan bir neçə məqam var. Bunlardan biri də vaxtilə işğal altında olan ərazilərdə basdırılmış minalardır.

Ermənistanla Azərbaycan arasında müharibənin bitməsinə, tarixi ədalətin bərpasına və sülh perspektivinin gündəlikdə olmasına baxmayaraq, qarşı tərəfin mina terroru davam edir. Mülki Azərbaycan vətəndaşları müntəzəm olaraq Ermənistanın mina terrorunun qurbanına çevrilir. Elə dünən də 4 mülki şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək ağır xəsarətlər alıblar. Onlardan birinin hər iki ayağı amputasiya olunub. Beləliklə, ölkədə Ermənistanın mina terroru qurbanlarının sayı 350-yə çatıb.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda beynəlxalq ictimaiyyətə müraciət edib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir.

"Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır", - XİN-in məlumatında deyilib.

Həmçinin, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da məsələyə münasibət bildirib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir.

Məsələ ondan ibarətdir ki, rəsmi Bakının bütün səylərinə baxmayaraq, İrəvan hələ də minalı ərazilərin dəqiq xəritəsini vermir. Ermənistan ya vaxtı uzatmağa çalışır, ya da Azərbaycana qeyri-dəqiq topoqrafik materiallar verir.

Beynəlxalq ictimaiyyət adlandırdığımz təşkilatlar və ya güclər isə “ağzına su alıb oturublar”. Başqa sözlə, demokratiyadan, insan haqlarından ağızdolusu danışan, həmçinin Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı özlərinin “xidmətlərini” təklif edən Qərb gücləri, o cümlədən Avropa İttifaqı (Aİ), ABŞ, Fransa Ermənistanın mina terroruna səssiz yanaşırlar. Bu isə təkcə humanist məsələ deyil. Həm də beynəlxalq hüquqa hörmətsizlikdir. Çünki mina və partlamamış hərbi sursatların tətbiqi ilə bağlı beynəlxalq humanitar hüquqda da xüsusi maddələr var. Bu məsələ barədə dəfələrlə müxtəlif qanunlar, aktlar qəbul olunub.

Səbinə Əliyeva
Səbinə Əliyeva

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin altıncı Zirvə Toplantısının plenar iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bəyan edib. Bununla yanaşı, rəsmi Bakı Azərbaycanın mina terrorundan ciddi şəkildə əziyyət çəkdiyini dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Lakin görünən odur ki, onlar Azərbaycanın çağırışlarını nə "görür", nə də "eşidirlər". Əks halda, minalı ərazilərin dəqiq xəritələrinin Azərbaycana verilməsi ilə bağlı çoxdan Ermənistana təzyiq göstərərdilər.

Davam edən mina terroru və səhih xəritələrin Bakıya verilməməsi nələrə səbəb olur? Birincisi, günahsız insanlar həlak olur və yaralanır. İkincisi, bu, sülh gündəliyinə xələl gətirir, formalaşmaqda olan etimad mühitinə zərbə vurur. Üçüncüsü, beynəlxalq aktorların səmimi vasitəçilik təşəbbüslərini sual altına qoyur. Dördüncüsü, dünyada ikili standartların davam etdiyini göstərir. Onlar Cənubi Qafqazda sülhün təmin olunmasında səmimidirlərsə, qurbanların sayı artmadan minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsini təmin etməlidirlər.

Bundan başqa, regionda sülh istədiklərini bəyan edən Ermənistan hökuməti də bu barədə düşünməlidir. Çünki azad olunmuş ərazilərdə hər növbəti mina partlayışı Ermənistanın və beynəlxalq ictimaiyyətin səmimiliyini daha böyük sual altına salır.