Azərbaycanda birja fırıldaqçılığı varmı?

Azərbaycanda birja fırıldaqçılığı varmı?

Son illər Azərbaycan vətəndaşları arasında müxtəlif proqramlar, onlayn platformalar vasitəsilə beynəlxalq birjalara qoşulmaq, müxtəlif əmtəələr, qiymətli kağızlar alıb-satmaq halları artmaqdadır.

Bununla belə, müşahidələr göstərir ki, birjalarda əməliyyatlar aparan şəxslərin əksəriyyəti bunu kor-koranə şəkildə edir, maliyyə savadı olmadığı üçün investisiya qoyduğu mallara, səhmlərə ciddi diqqət yetirmir.

Bu isə uğursuzluqla üzləşmək, pulunu itirmək riskləri yaradır. Üstəlik, bu məsələdə fırıldaqçıların toruna da asanlıqla düşmək mümkündür. Azərbaycanda birja fırıldaqçılığı varmı? Potensial investorlar yatırım edərkən nəyə diqqət yetirməlidir? "Birxeber.Az" mövzunu ekspertlərlə müzakirə edib.

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova deyir ki, müştəri ona investisiya xidmətləri təklif edən hüquqi və yaxud fiziki şəxslə müqavilə bağlamazdan əvvəl risklər barədə məlumatlandırılmalıdır: "Vətəndaşa zəng edib onu investisiya qoymağa cəlb etmək marketinqin bir hissəsidir və qadağan deyil. Amma müqavilə bağlamazdan əvvəl risklərlə bağlı məlumat verilməlidir. Əksər hallarda insanlar müqaviləni tam oxumasa da, belə bir tələb mövcuddur. Uduzmağa qaldıqda isə, bu, artıq insanın öz məsuliyyətidir. Vətəndaşın treyder bacarıqları yoxdursa, əvvəlcə daha çox əməliyyatları demo versiyada etməlidir. Araşdırmamış, analiz etməmiş, pulunu birjaya qoyub, maliyyə əməliyyatları edib uduzanlar investisiya şirkətlərini günahlandırmamalıdırlar”.

Birjalar üzrə ekspert Elnur Quliyev isə hesab edir ki, investisiya şirkətlərinin vətəndaşlara yüksək gəlir vəd edib onları birjaya qoşması fırıldaqçılıqdır: “İnsanların maliyyə savadlarının olmamasından istifadə edərək onları birjada platformalarına qoşub əvvəlcə həvəsləndirirlər. Bəzən insanların gəlirini süni şəkildə artırırlar, onları sevindirirlər ki, bu qədər qazanmısınız. Məsələn, vətəndaş 500 ABŞ dolları maliyyə yatırıbsa, bunu süni şəkildə qaldırıb 15 min ABŞ dolları edirlər. Daha sonra isə pulu çıxartmaq istəyəndə müştəriyə deyirlər ki, 2-3 min ABŞ dolları sığorta pulu ödəmək lazımdır. Müştəri də fikirləşir ki, əgər mən 15 min ABŞ dolları qazanmışamsa, 2-3 min nədir ki? Daha sonra əlaqə kəsilir. Bu da ən məşhur maxinasiyalardan biridir. İnsanlar həm maliyyə savadsızlığı, həm də qısa zamanda qazanmaq hərisliyindən şirkətlərin “tələ”lərinə düşürlər".

Hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, investisiya şirkətləri bu baxımdan qanunu pozmur: “Onların lisenziyası var, qanuni fəaliyyət göstərir. Vətəndaşlara zəng edib onları birjaya qoşmalarında heç bir problem yoxdur. Marketinqin bir hissəsidir, reklamlarını aparırlar. Sadəcə vətəndaşlar qoşulmamışdan əvvəl yaxşı araşdırma aparmalıdırlar. Hər hansı bir vətəndaşın bu məsələ ilə bağlı investisiya şirkətlərini məhkəməyə verməsini müşahidə etməmişəm”.