Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-3

Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 7-yə çatıb  - YENİLƏNİB-3

Tayvan sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə "Zhongshi Xinwenwan" agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.

***

08:30

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Tayvanın "Zhongshi Xinwenwan" informasiya portalı məlumat yayıb.

***
08:05


Okinava adasının cənub-qərbində 7,7 bal gücündə zəlzələnin baş verməsi nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub.

Yapon meteoroloqlar ilk zəlzələnin maqnitudasını 7,5 bal həcmində hesablasa da, sonradan rəqəm 7,7-ə yüksəldilib.

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha dörd zəlzələ qeydə alınıb.

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok qeydə alınıb.

Tayvanın Mərkəzi Xəbər Agentliyi seysmoloqlara istinadən xəbərdarlıq edib ki, yaxın günlərdə Tayvan yaxınlığında 7,0 bal gücündə zəlzələlər baş verə bilər.

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra “NHK” telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev güclü zəlzələdən sonra işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.
Yapon meteoroloqları daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.


***
04:37


Tayvanın şərq sahillərində 7,5 bal gücündə zəlzələdən sonra sunami Yaponiyanın Yonaquni adasının sahillərinə çatıb.

APA xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, hazırda dalğanın hündürlüyü 0,3 metrdir. Lakin bu rəqəmin artacağı istisna edilmir.

Təbiət hadisəsindən sonra Tayvanın Hualien şəhərində bir sıra binalar dağılıb, ölkə hakimiyyəti yerli sakinlərə hündürlüyü üç metrə qədər sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Okinava prefekturasına daxil olan adalar - Miyakojima və Yaeyama potensial təhlükəli zonada yerləşir.

***
04:12

Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.