Ötən il dövlət qulluğuna imtahan verən və keçən şəxslərin sayı açıqlanıb

Ötən il dövlət qulluğuna imtahan verən və keçən şəxslərin sayı açıqlanıb

2023-cü il ərzində Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə hər biri 6 imtahan olmaqla A və B növləri üzrə ümumilikdə 12 test imtahanı keçirib, 16200 namizəd iştirak edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edənlərdən 4709 nəfəri uğurlu nəticə əldə edib.

Test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetinin tələbələri ilk üç yerdə qərarlaşıblar. Test imtahanlarında uğur əldə edən şəxslərin yaş qrupları üzrə bölgüsünə əsasən qadın namizədlərin
18-24 yaş qrupu (42.80%), kişi namizədlərin isə 25-29 yaş qrupu (41.43%) üzrə ən yüksək nəticə əldə etdiyi məlum olub. 55 və daha yuxarı yaş qrupu üzrə uğurlu nəticə qeydə alınmayıb.

Hesabat dövrü ərzində 110 dövlət orqanında vakant olan 1431 inzibati vəzifənin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi üzrə elan verilib. Həmin vəzifələrin 150-si inzibati rəhbər vəzifələrə (A növü), 1281-i isə inzibati icraçı vəzifələrə (B növü) aid olub.

Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifəni Kənd Təsərrüfatı Nazirliyi (336 vəzifə) çıxarıb, ən çox müraciət isə Qida Təhlükəsizliyi Agentliyi üzrə (2073 müraciət) qeydə alınıb.

Müsabiqənin müsahibə mərhələsində iştirak sayına görə kişi namizədlər (51.52%) üstünlük təşkil edib. Müsahibələrdə iştirak edənlərin əksəriyyəti gənclərdən (70.58%) ibarətdir. Namizədlər arasında 18-24, 30-34 və 35-39 yaş qruplarında qadınlar üstünlük təşkil edib. 40 yaşdan yuxarı namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak edənlərin cəmi 2.32%-ni təşkil edib. Müsabiqənin müsahibə mərhələsində yaşı 60-dan yuxarı olan 2 namizəd də iştirak edib.

Ötən il ərzində müsahibələrdə uğur əldə etmiş namizədlər 40-ı məhkəmə orqanı olmaqla, 67 dövlət orqanında 1003 vakant vəzifəyə təyin edilib. Ən yüksək təyinat müsabiqə üzrə (493/49.15%) müşahidə edilir. Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb.

Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici hesabat ili ərzində qeydə alınıb. Belə ki, 13-ü məhkəmə orqanı olmaqla, 38 dövlət orqanında 364 vəzifəyə ehtiyat kadrlar təyin edilib. Müsabiqədən müvəffəqiyyətlə keçərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2022-ci ildə 178 analoji vəzifələrə təyin edilmişdirsə, cari ildə bu say 47.75 % artaraq 263 vəzifə olmuşdur.

Ümumilikdə 2022-ci illə müqayisədə 2023-cü ildə dövlət qulluğu üzrə imtahanlarda iştirak edənlərin sayı 13.7% artıb. Bu da ölkədə karyerasını dövlət qurumlarında davam etdirmək istəyən potensial kadrların ilbəil artdığına dəlalət edir.