İsrailin müdafiə naziri: Girovlar azad edilməyincə Qəzzada əməliyyatı dayandırmağa haqqımız yoxdur

İsrailin müdafiə naziri: Girovlar azad edilməyincə Qəzzada əməliyyatı dayandırmağa haqqımız yoxdur

Radikallar tərəfindən saxlanılan bütün girovlar azad edilənə, HƏMAS anklavda hakim və hərbi qüvvə kimi ləğv olunana qədər İsrailin Qəzza zolağında əməliyyatları dayandırmağa “mənəvi haqqı” yoxdur.

"Birxeber.Az"un məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant Tel-Əvivdə amerikalı konqresmen Riçi Torresi qəbul edərkən deyib.

Qalant Torresə İsrailin “ABŞ-nin sarsılmaz dəstəyini yüksək qiymətləndirdiyini” deyib. Nazir həmçinin “İsrail ilə ABŞ arasında güclü əlaqələrin təmin edilməsinin vacibliyini” vurğulayaraq, “müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirdiyini” və Vaşinqtonun Qəzza zolağındakı müharibədə məqsədlərinə çatmaq üçün göstərdiyi səylərdə İsraili dəstəklədiyini bildirib. Bundan əlavə, Qalant “hazırda ABŞ-nin regionda liderliyinin vacibliyini” qeyd edib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.