Gürcüstan prokurorluğu sabiq nazirin ekstradisiyası üçün Niderlanda müraciət edib

Gürcüstan prokurorluğu sabiq nazirin ekstradisiyası üçün Niderlanda müraciət edib

Gürcüstan prokurorluğu vətənində qiyabi məhkum olunmuş sabiq baş prokuror və ədliyyə naziri Zurab Adeişvilinin həbsi və ekstradisiyası məqsədi ilə Niderlandın səlahiyyətli orqanlarına müraciət edib.

“Report” xəbər verir ki, bu barədə “İmedi” teleşirkəti məlumat yayıb.

Teleşirkət bu gün Adeişvilinin Haaqada Ukrayna nümayəndə heyətinin tərkibində beynəlxalq konfransda iştirakını əks etdirən kadrları nümayiş etdirib. Bundan əvvəl Gürcüstan prokurorluğu Adeişvilinin Brüssel və Berlin görüşlərində iştirak etməsi səbəbilə Almaniya və Belçikanın səlahiyyətli orqanlarına oxşar tələblə müraciət etmişdi.

“Açıq məlumatalara əsasən, prokurorluq Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası məqsədi ilə Niderlandın səlahiyyətli orqanlarına müraciət edib”, - prokurorluqdan bildirilib.

Qeyd edək ki, o, 6 cinayət işi üzrə təqsirli bilinərək qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl Adeişvilinin Avropa ölkələrindən birində siyasi sığınacaq, daha sonra isə vətəndaşlıq aldığı bildirilirdi. İndi o, Ukrayna prokurorluğunda işləyir.