Yusif Abdullayev: Azərbaycan Sankt-Peterburq ilə gəmiqayırma sahəsində birgə layihələr icra edə bilər

Yusif Abdullayev: Azərbaycan Sankt-Peterburq ilə gəmiqayırma sahəsində birgə layihələr icra edə bilər

Azərbaycanla Rusiyanın Sankt-Peterburq şəhəri arasında gəmiqayırma sahəsində birgə layihələrin icrası müzakirə edilib.

"Birxeber.Az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir" mövzusunda biznes forumundan sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Sankt-Peterburq gəmiqayırma sahəsində Rusiyanın ən böyük regionudur: "Azərbaycanda da son dövrlərdə gəmiqayırma sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə də həm təcrübə mübadiləsi, həm də konkret layihələrin birgə icrası müzakirə edilib. Biz düşünürük ki, bu çox yaxşı bir perspektivdir".

Ümumiyyətlə, Y. Abdullayevin fikrincə, Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi artsa da, fərqli-fərqli subyektlərə baxdıqda demək olar kiki, perspektivlər daha da genişdir: "Meyvə və tərəvəz məhsulları üzrə Azərbaycan Sankt-Peterburq bölgəsində müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb. Ancaq mövcud imkanlar bizim bütün mövqelər üzrə birinci yerdə olmağımıza şərait yaradır. Düşünürük ki, Sankt-Peterburqda yeni infrastrukturun inkişafı və istifadəsi bizə yeni imkanlar yaradacaq. Eyni zamanda sənaye sahəsində kooperasiya genişlənməlidir".

Biznes forumda Sank-Peterburqdan 25-ə yaxın şirkət, Azərbaycandan isə 50-yə yaxın şirkət iştirak edib.