Şamil Ayrım: Brüsseldə keçirələcək üçtərəfli görüşü qeyri-ciddi hesab edirəm

Şamil Ayrım: Brüsseldə keçirələcək üçtərəfli görüşü qeyri-ciddi hesab edirəm

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçiriləcək üçtərəfli görüş əsassız və qeyri-ciddidir.

Bunu "Birxeber.Az"un Ankara bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentləratası dostluq qrupunun rəhbəri, türkiyəli milət vəkili Şamil Ayrım deyib.

Millət vəkilinin fikrincə, bu toplantı 30 ildir Qarabağ məsələsini məqsədli şəkildə həll edə bilməyənlərin başqa bir oyunudur: “Azərbaycanın bu görüşə dəvət olunmaması absurddur. Təkcə bu fakt onu deyir ki, görüşün arxasında bəd niyyətlər var. Əgər xatırlayırsınızsa, Nikol Paşinyan dedi ki, sülh müqaviləsini imzalamaq üçün konsititusiyanı dəyişməlidirlər. Belə olan halda bu cür toplantılar regionda qarşıdırma yaratmaq, sülh və təhlükəsizliyə mane olmaq məqsədi daşıyır”.

Ş.Ayrım Fransa və Yunanıstanın Ermənistanı silahlandırmasına da mövqe bildirib:

“Fransanın Ermənistanı silahlandırması, Yunanıstanın da ona dəstək verdiyini, buna səy göstərildiyini görürük. Sülhə bu qədər yaxın olarkən Ermənistanı silahlandırmaq nə deməkdir? Azərbaycan haqlı olaraq Ermənistan işğalında qalan kəndlərini geri istəyir”.

Deputat qeyd edib ki, Azərbaycanın sülh ilə bağlı səyləri, Türkiyə və Rusiyanın bu sülhün imzalanması ilə bağlı göstərdikləri cəhdləri nəzərə alsaq, bu ölkələrin dəvət olunmadığı toplantının əsası yoxdur: "Bölgədə Rusiya, Türkiyə və İran var. Bunların heç biri yox sayılacaq dövlətlər deyil. Bu durum Ermənistanın özünü əlacsız vəziyyətə salacaq. Odur ki, bu ölkə qərarlarını özü verməlidir".