Brüsseldən Moskvaya veriləcək mesaj - Ermənistanda Rusiyaya yer yoxdur - ŞƏRH

Brüsseldən Moskvaya veriləcək mesaj - Ermənistanda Rusiyaya yer yoxdur - ŞƏRH

Aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli Ermənistan-ABŞ-Avropa İttifaqı görüşü diqqət mərkəzindədir. Növbəti dəfə Azərbaycanın iştirakı olmadan baş tutacaq bu görüşü indidən qərəzli bəyanatların səslənəcəyi toplantı kimi dəyərləndirmək mümkündür.

Bu görüş İrəvanda az qala ciddi diplomatik nailiyyət kimi göstərilsə də, əslində belə deyil. Ermənistan anlamır ki, növbəti dəfə aldadılır. Bu görüş ölkənin Avropa İttifaqına üzvlüyünü tezləşdirməyəcək, əksinə ölkə Ukraynaya çevrilmək təhlükəsi ilə üzləşib. Qərbin bu görüşü keçirməkdə hədəfinə gəldikdə, bu, Rusiyanın küncə sıxışdırılmasıdır. Azərbaycanla sülh sazişinin imzalanması, regionda əmin-amanlıq və əməkdaşlığın genişləndirilməsi Qərb üçün maraqlı deyil.

Rusiya mediası və siyasi dairələri də artıq neçə gündür bununla bağlı həyəcan təbili çalır, Kremli hərəkətə keçirməyə çağırışlar səsləndirilir. İddia olunur ki, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropaya inteqrasiyasının şərtlərini razılaşdıracaq. Bu iddia Rusiya mətbuatının əksəriyyətində əsas xəbər kimi yayılır. Məlumata görə, N.Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ-nin dövlət katibi Antoni Blinkenin görüşündə əsas məsələ məhz bu mövzu olacaq. Onlardan bəzilərinə nəzərə salaq. Bu ölkənin nüfuzlu “Novıe izvestisiya” nəşri Ermənistanın bundan nə əldə edəcəyini, Rusiyanın isə itirəcəklərini araşdırıb. İddia olunub ki, görüşdə İrəvan üçün taleyüklü tədbirlər paketi Qərb tərəfindən təhlükəsizlik təminatının verilməsi, eləcə də, Ermənistanın Avropa İttifaqına üzvlüyü imkanları diqqət mərkəzində olacaq.

Rusiya nəşri vurğulayır ki, İrəvanın yeni dostları Aİ və Birləşmiş Ştatlar timsalında Ermənistan üçün yeni təhlükəsizlik sistemi yaratmağa çağırış ediblər. Burada əsas məsələ Rusiyaya məxsus 102 bazanın Ermənistandan çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxmaq daxildir.

İrəvan buna qədər anti-Rusiya siqnallarını daha “ucadan” səsləndirməyə başlayıb. Artıq Ermənistan KTMT PA-nın Moskvada törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb, bunu da təşkilatda iştirakını dondurmaqla əlaqələndirib. Ermənistan banklarının da üzvü olduqları milli ödəmə sistemi - Armenian Card (ArCa) isə Rusiyanın “Mir” kartlarına xidmət etməkdən imtina edib.

Əksər Rusiya nəşrləri və siyasiləri kimi, adıçəkilən mətbu orqan da Moskva-İrəvan gərginliyinin əsas səbəbi kimi Kremlin Qarabağ məsələsində tutduğu mövqeyini önə çəkirlər. Lakin ardınca da vurğulayırlar ki, bundan ən çox istifadə edən N.Paşinyandır. Yəni Qarabağda Rusiyanın bitərəf qalması onun üçün göydəndüşmə olub. Nəzarətində olan bütün media resurslarını məhz bu istiqamətə yönəltməyə müvəffəq olub. “Əgər məsələyə obyektiv yanaşsaq, Rusiya hərbçilərinin bu münaqişəyə qarışmaq üçün hüquqi əsasları olmayıb. Bu, iki dövlətin daxili işi olub. Paşinyan da münaqişənin gərginləşməsini istəmədiyindən Qarabağı təhvil verdi. İndi də İrəvan Rusiyanı günahkar çıxarmağa çalışır. Ermənistan bizim üçün strateji xarakter daşıyan hər vəchlə Rusiya hərbi bazasını bağlamağa çalışır”, - deyə Rusiya Elmlər Akademiyası siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Boris Şmelyev nəşrə açıqlamasında bildirib.

O ki qaldı Ermənistandan Rusiya hərbçilərinin çıxarılmasına, ekspertlərin qənaətincə, bu, sağlam düşüncəyə ziddir. Məsələn, Rusiya XİN məsələ ilə bağlı bildirib ki, hərbi baza və Rusiya sərhədçiləri Ermənistanın suverenliyinin yeganə təminatıdır. Qarabağın Azərbaycana qaytarılmasından sonra Ermənistanın yeni təhlükəsizlik sistemindən bəhs etməyə başlayıb, Rusiyaya isə orada yer yoxdur.

Əksəriyyət də hesab edir ki, ermənilər Rusiyanın Ermənistandakı hərbi bazasını gec-tez çıxaracaq. Regional problemlər İnstitutunun Dmitri Juravlyov də bu qənaətdədir. O hesab edir ki, əgər İrəvan NATO-ya üzv olmasa, o zaman dövlətin heç bir təhlükəsizlik təminatı olmayacaq. Rusiyalı ekspert daha sonra maraqlı bir etiraf da edir. Bildirir ki, Ermənistanın ərazilərinin bir çoxu Türkiyənin olub. İrəvan müstəqil şəkildə özünü qoruya bilməyəcək. Lakin indi orada Qərbin təkliflərindən eyforiyaya düşüblər.

O ki qaldı Ermənistanın Avropa ittifaqına üzv qəbul olmasına, bu ölkə prezidentinin keçmiş müşaviri Tevan Poqosyan hesab edir ki, bu üzvlük məsələsi daha çox siyasi xarakter daşıyır. 2020-ci il müharibəsindən sonra Ermənistan Rusiyadan incik düşüb. Paşinyan hökuməti Moskvanın Qarabağ məsələsinə yanaşmasından narazıdır.

Ölkənin Avropa ailəsinə üzv olacağına gəldikdə, bunun xülya olduğunu əksəriyyət qəbul edir. Hazırda bu məsələ ətrafında alver getdiyi xüsusi vurğulanır. Əsas fikir də bundan ibarətdir ki, Ermənistan hökuməti Avropa İttifaqının vəd olunan maddi yardımı müqabilində Rusiya-Ermənistan münasibətlərini satmağa çalışır.

Yekun olaraq da vurğulanır ki, Ermənistan cəmiyyətində parçalanma təhlükəsi güclüdür, ölkədə birlik yoxdur. Bir tərəfdən SSRİ dövründə böyümüş insanlar, digər tərəfdə Qərbə inteqrasiya etməyə meyilli gənclər, İT mütəxəssisləri, gənc iş adamları dayanıb. N.Paşinyana gəlincə, ondan narazılıq getdikcə artır, hökumət əleyhinə aksiyalar mütəmadi hal alıb.

Beləliklə, Brüsseldə keçiriləcək görüşü indidən Rusiya-Ermənistan münasibətlərində dönüş nöqtəsi adlandırmaq mümkündür. Kremlin üçtərəfli danışıqlara reaksiyası indidən bəllidir. XİN bunu az qala anti-Rusiya blokunun toplantısı kimi qiymətləndirsə də, İrəvan mövqeyindən geri çəkilmir. Hər halda proseslərin hansı axarda davam edəcəyini zaman göstərəcək.