Əli Əlizadə: "Səfirliyə hücumla bağlı İran məhkəməsinin layiqli qərar çıxaracağına ümid edirik"

Əli Əlizadə: "Səfirliyə hücumla bağlı İran məhkəməsinin layiqli qərar çıxaracağına ümid edirik"

Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı İran məhkəməsinin ədalətli və layiqli qərar çıxaracağına ümid edirik.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

“Biz bu qəddar terror aktını törədənlərin tam və ağır formada cəzalandırılmasını gözləyirik”, - o bildirib.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.

İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək.