20 Yanvar faciəsi: Lənkəran azadlıq mübarizəsində 11 şəhid verib - FAKT

20 Yanvar faciəsi: Lənkəran azadlıq mübarizəsində 11 şəhid verib - FAKT

20 Yanvar hadisələri xalqın Sovet imperiyasına qarşı dirənişinin, azadlıq hərəkatının nəticəsi idi. Bu mübarizədə Lənkəran rayonu da 11 şəhid verib.

Erməni separatçılarının Qərbi Azərbaycanda, Azərbaycanla həmsərhəd ərazilərdə törətdikləri qanlı təxribatlara qarşı mərkəzi və yerli hakimiyyətin qətiyyətsizliyi lənkəranlıları da hədsiz hiddətləndirmişdi. Beləcə, 1990-cı ilin yanvarında əhali problemi həll etmək üçün öz düşündüyü formada hərəkət etməyə vadar olub. Yaranmış gərgin ictimai-siyasi vəziyyətdən çıxmaq üçün yanvarın 10-dan 11-nə keçən gecə Lənkəranda 300 nəfərdən ibarət Müvəqqəti Müdafiə Komitəsi yaradılıb. Güc strukturlarının fəaliyyətinin dayandırılması barədə yerli radio vasitəsilə bəyənat səsləndirilib.

1990-cı ilin 11-26 yanvar tarixlərində Komitə üzvləri heç bir qarşıdurma olmadan Lənkəranda Sovet hakimiyyətinin rəsmi qurumlarının fəaliyyətini dayandırıb. Məqsəd Qərbi Azərbaycandan 200 mindən çox soydaşımızın yurd-yuvalarından didərgin salınmasına, sərhəd kəndlərimizin ermənilər tərəfindən atəşə məruz qoyulmasına hakimiyyətin susqunluğu və biganəliyinə etiraz etmək, dünya ictimaiyyətinin diqqətini bu haqsızlıqlara yönəltmək olub.

Rəsmi icra qurumlarının rəhbərləri ilə danışıqdan sonra milis şöbəsində saxlanılan ov silahları təhvil alınaraq yeni yaradılan müdafiə dəstələrinin üzvlərinə verilib. Dərhal Qarabağın Ermənistanla həmsərhəd kəndlərində müdafiənin təşkilinə yardımçı olmaq üçün təlimlərə başlanılıb. Qeyd edək ki, 1988-ci ildən bəri lənkəranlı könüllülər Xocavənd rayonunun Muğanlı kəndini himayəyə götürərək yerli sakinlərlə birlikdə müdafiənin təşkil olunmasına və əhalinin ərzaqla təminatında xüsusi fədakarlıqlar göstəriblər.

Vəziyyətin nəzarətdən çıxdığını görən sovet ordusu komandanlığı xalqın haqq səsini susdurmaq, baş verənlərə təxribat donu geyindirmək üçün hərəkətə keçib. Xalqın həssas duyğularının alovlandırılması, bu yolla dövlət sərhədinin pozulması ssenarisinə başlanılıb. O vaxtlar Azərbaycan-İran dövlət sərhədinə sovet ordusu nəzarət etdiyi halda müəmmalı səbəbdən sərhəddə olan hərbçilər geri çəkilib. Bu barədə məlumat alan minlərlə insan Astarada sərhəd qapılarını aşaraq İran tərəfə keçib. Tarixdə uzun ayrılıqdan sonra iki qardaş bir-birinə qovuşmaq sevincini yaşayıb. Böyük izdiham yaşanmasına baxmayaraq, həmin günlərdə rayon ərazisində heç bir cinayət hadisəsi baş verməyib. Əksinə, insanlar birlik nümayiş etdirərək Lənkəranın mərkəzi meydanında toplaşaraq tribunadan Bakıdakı vəziyyətlə bağlı son məlumatları səsləndiriblər.

Yanvarın 19-dan 20-nə keçən gecə qaniçən sovet hərbi birləşmələri Bakıda tankların və ağır atıcı texnikaların da iştirakı ilə amansız qətliam törədib yüzlərlə insanı qanına qəltan edəndə 5 lənkəranlı da həmin gecə azadlıq yolunda şəhadətə yüksəlib. Qanlı qətliamdan qəzəblənən lənkəranlılar mərkəzi meydanda mitinqləri davam etdirərkən meydanın üzərində hərbi vertalyotlar dövrə vuraraq panika yaratmağa çalışıblar. Öz xalqına qarşı qırğın törədən rejimə nifrətlərini bildirən hərbçilər hərbi mundirlərindən, partiya üzvləri biletlərindən imtina edərək onları izdihamın ayaqları altına atıblar.

Bakıda televiziyanın enerji bloku partladıldıqdan sonra insanları məlumatlandırmaq üçün fəaliyyət göstərən Şuşa televiziyasının da yayımı hərbçilər tərəfindən dayandırıldıqda Lənkərandakı teleradio ötürücü stansiyasından dünyaya çıxışı olan media qurumlarına 4 dildə məlumatlar çatdırılıb.

Xalqın əzmkarlığını qırmaq üçün yanvarın 20-dən sonra cənub komandanlığındakı hərbi hissələrə əlavə qüvvələr gətirilib və müdafiə şurasının ləğv edilməsi, silahların təhvil verilməsi tələb olunub.

Yanvarın 25-də 300 nəfərlik Müvəqqəti Müdafiə Komitəsinə hərbçilər tərəfindən silahı yerə qoymaq tələb olunub və 26-sı saat 17:00-dək vaxt verilib. Şəhər ərazisində qanlı hadisələrin baş verməməsi üçün Komitə üzvlərinin təxminən yarısı gecə ilə Haftoni qəsəbəsi ərazisindəki meşəliyə çəkiliblər. Lakin verilən müddət başa çatmadan xüsusi təyinatlı qoşun hissələri zirehli texnika və hərbi vertalyotlardan istifadə etməklə Haftoni qəsəbəsi istiqamətində hücuma keçiblər. Dinc sakinlər belə aman verilmədən gülləbaran edilib. Açılan atəş nəticəsində motosikletin yanacaq çəni partlayıb, üç gənc yanaraq həlak olub. Hərbçilər tərəfindən daha iki nəfər güllələnərək qətlə yetirilib, ona yaxın şəxs isə güllə yarası alıb. Bir neçə saatlıq qarşıdurmadan sonra 50 nəfər fədai hərbçilər tərəfindən həbs olunub.

Bundan başqa, vertolyotlarla ərazidən çıxarılan şəxslərə amansız işgəncələr verilib. Əlləri arxadan ayaqlarına və boğazlarına rabitə kabeli ilə bağlanmış şəkildə yolboyu işgəncələrə məruz qalanlardan biri vertolyotda həyatını itirib. Onun meyitini oradan yerə atıblar. İtkin düşmüş hesab olunsa da, bir neçə gün sonra onun meyiti aşkarlanaraq dəfn edilib.

Beləcə, yanvarın 20-də Bakıda 5, Lənkəranda 6 şəhid verməklə Lənkəran azadlıq yolunda ilk 11 şəhidini verdi.

Həmin hadisədən 34 il ötsə də hər zaman ümumxalq hüzn və qürur günümüz olan 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq ruhunun yenidən canlanmasına, müstəqilliyimizə aparan əbədi yolu açıb.

Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Çünki 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatları ilə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Asəf Əhmədov
"Report"un cənub bürosunun əməkdaşı