Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"

Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"

“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib.

O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır.

P.Vəliyeva qeyd edib ki, qızıl yatağının istismarı nəticəsində ətrafda olan bütün çaylar, su ehtiyatları radioaktiv maddələrlə çirkləndirilir:

“Ermənistanda yüzdən çox qeyri-hökumət təşkilatı bu barədə etiraz bəyanatı yayıb. Biz bu məsələni ötən il dəfələrlə qaldırmışıq. Yatağın istismarı təkcə Ermənistanı deyil, regionu, hətta planeti təhdid edir. Qızılın istismarında bir çox ölkələrdə qadağan olunan sianogen texnologiyasından istifadə edilir. Həmin maddələr burada olan İstisu mineral su yatağı, Göyçə gölü, Arpaçay, hətta Xəzər dənizi üçün ciddi təhdiddir. İstismar zamanı maddələrin çaylar vasitəsilə dənizə tökülməsi ümumilikdə Mərkəzi Asiya ölkələri üçün də problemdir".

Onun sözlərinə görə, Ermənistan və həmin yatağı istismar edən "Lydian" şirkəti tərəfindən ətraf mühitə mümkün təsirin qiymətləndirilməsindən ötrü cəlb olunan xarici şirkətlərin hesabatında bu texnologiyadan istifadə qeyd edilməli idi. P.Vəliyeva bildirib ki, belə bir texnologiyanın istifadəsi qiymətləndirmənin özünə ziddir:

"Yatağın istismarı zamanı aparılan qiymətləndirmənin ətraf mühitə təsiri nəzərə alınmayıb. Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq aparılmasına şərait yaratmalıdır. AFP koalisiyası olaraq əvvəlki bəyanatlarımızda olduğu kimi, yenə də həmin şirkətlərə səslənirik. Həm yerli, həm də səhmdarları olan digər xarici şirkətlərə səslənirik ki, həmin yatağın istismarını dayandırsınlar və ya ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini öz veb-saytlarında yerləşdirsinlər. Bu məlumatlar hamıya açıq olmalıdır. Xarici və Azərbaycanın ictimai, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərən ekspertlərin, eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə yatağı monitorinq etmələrinə icazə verməyi tələb edirik. Ekspertiza işlərinin aparılmasına, yatağın fəaliyyəti ilə yerində tanış olmağa, müəyyən ölçmə işləri, nümunələr götürülməsinə imkan yaradılmalıdır”.

Xatırladaq ki, “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyib və qızıl yatağında monitorinq aparmağa hazır olduğuna dair bəyanat yayıb.