“OPEC+” razılaşmasının Rusiya büdcəsi üçün toplum effektinin həcmi açıqlanıb

“OPEC+” razılaşmasının Rusiya büdcəsi üçün toplum effektinin həcmi açıqlanıb

Rusiya baş nazirinin müavini Aleksandr Novak “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkə büdcəsinə əlavə gəlirlərin həcmini açıqlayıb.

Bu barədə “Birxeber.Az-Economics” “Enerji siyasəti” jurnalında dərc olunan Aleksandr Novakın məqaləsinə istinadən xəbər verir.

Onun sözlərinə görə, “OPEC+” razılaşmasından Rusiya büdcəsi üçün toplam effekt artıq 30 trilyon rubl (təqribən 324,8 milyard ABŞ dolları – red.) əlavə gəlir təşkil edir.

“Bu vəsaitlər ölkə üçün mühüm rol oynayır, o cümlədən sosial sahənin inkişafına imkan yaradır”, - Aleksand Novak qeyd edib.

O əlavə edib ki, “OPEC+” razılaşması OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) ölkələri və kartelə daxil olmayan neft istehsalçıları arasında dünya bazarlarında fəaliyyətlərin birgə əlaqələndirilməsinin ilk təcrübəsidir. Bu əməkdaşlıq formatı qlobal neft bazarının sabitləşdirilməsində öz effektivliyini sübut edib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, 1 ABŞ dolları 92,36 Rusiya rubluna bərabərdir.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasında iştirak edən ölkələrin siyahısına daxildir.