AMB xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin qəbuluna başlayır

AMB xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin qəbuluna başlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 1-dən 31-nə qədər xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətləri qəbul edəcək.

"Birxeber.Az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarında göstərilən xidmətlərin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir. Bu istiqamətdə mühüm təşəbbüs olan “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” bu il yanvarın 31-də təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını AMB ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 ay olacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün AMB-yə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifə (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar.