Ekspert: Erməni eko-fəalların Amuldağ yatağı ilə bağlı etiraz etməsi təqdirəlayiqdir

Ekspert: Erməni eko-fəalların Amuldağ yatağı ilə bağlı etiraz etməsi təqdirəlayiqdir

"Ermənistanda vətəndaş cəmiyyəti təşkilatları və eko-fəallarnın Amuldağ yatağının istismarının biomüxtəlifliyə, su ehtiyatlarına ciddi təhlükə törətməsi barədə etirazını təqdirəlayiq hesab edirik".

Bunu APA-ya açıqlamasında “Environmental Protection First” Koalisiyasının üzvü, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov deyib.

O bildirib ki, bu barədə Ermənistanın informasiya vasitələrindən xəbər tutublar və bu səbəbdən də vətəndaş cəmiyyəti təşkilatları olaraq onlara dəstək ifadə edən bəyanat qəbul olunub.

"Əslində biz keçən ilin iyun ayında Ermənistanın Naxçıvanla sərhəddə Arazdəyən tərəfdə zavod inşa etmək istəməsindən bu yana bir neçə bəyanat vermişdik. Təəssüf ki, Ermənistanın öz vətəndaş cəmiyyətləri tərəfindən buna bir reaksiya yox idi. Amma indi bu reaksiyanın olması onu göstərir ki, Ermənistanın daxilində də vətəndaş cəmiyyətləri bizim verdiyimiz bəyanatları nəzərdən keçiriblər. Təqdim etdiyimiz faktları yoxladıqdan sonra görüblər ki, həqiqətən də orada insan sağlamlığına zərər vuran fəaliyyətlər var".

Amin Məmmədov qeyd edib ki, "Azərkosmos"un təqdim etdiyi peyk şəkilləri vasitəsilə yatağın ərazisi araşdırılmış və orada mədən sənayesinin həyata keçirildiyi müəyyən edilmişdi.

"Sözügedən yataq Azərbaycan sərhədindən 15 kilometr məsafədə yerləşir. Həmin ərazidən Bazarçay çayı keçir və həmin çay gəlib Araza tökülür. Bu mədən sənayesinin tullantıları düzgün idarə olunmasa həm Bazarçayda, həm də Araz çayında suyun keyfiyyətinə mənfi təsir edəcək. Ötən il bizim xaricdəki nümayəndələrimiz də bəyanatımıza qoşulmuşdu. Amma beynəlxalq təşkilatların fəaliyyəti göz qabağındadır. Onlarda təəssüf ki, ikili standartlar var. Bu tip məsələlər ESCO konvensiyası ilə tənzimlənir. Konvensiyanın katibliyi ilə əlaqələr var. Bizim Ekologiya və Təbii Sərvətlərin Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsi sözsüz ki, bu barədə faktları onlara təqdim edib. Biz də vətəndaş cəmiyyəti olaraq ora müraciət etmişik. Amma reaksiya o qədər də ürəkaçan deyil".