Çingiz Hüseynzadə: "Son 16 ilin hesabatına bənzəyən konfransdır"

Çingiz Hüseynzadə: "Son 16 ilin hesabatına bənzəyən konfransdır"

"Hesab edirəm ki, nəinki illik, bu, son 16 ilin hesabatına bənzəyən konfransdır".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı bildirib.

Vitse-prezident ölkə futbolunun bugünkü inkişafından danışıb: "Bu gün Azərbaycan futbolunun ən möhtəşəm günlərindən biridir. İllər keçir, Azərbaycan futbolu inkişaf edir. Haradan buralara gəlib çıxmışıq, unutmamalıyıq. 30 il bundan əvvəl, mən prezident aparatında çalışırdım. Bir hadisə baş verdi, aparatda canlanma oldu. Azərbaycan İsraillə oynamalı idi. Lakin heç bir stadionumuz qəbul olunmadı. Ulu öndər bu məsələ ilə bağlı maraqlandı, məni də çağırdılar ki, niyə Azərbaycanda bir stadion yoxdur ki orada oyun keçirək? Onda Ulu öndərə Tofiq Bəhramov adına Respublika Stadionunun şəkillərini göstərdilər. Futbol meydançasında qoyun otarırdılar. Ulu öndər dedi ki, Sumqayıtda gözəl stadion tikmişdik, o stadion nə vəziyyətdədir. Dedilər ki, o da elə durumdadır ki, beynəlxalq oyunlar keçirmək olmaz. Məcburiyyətdən Trabzonda oynadıq. Bunu nəyə görə yada salıram? Bu gün Azərbaycanda çox güclü futbol infrasturukturu var. Azərbaycan futbolda müəyyən sözünü demiş ölkədir. Son illərdə “Qarabağ”ın nəticələrini böyük sevinc hissi ilə yaşayırıq. Bunlar hamısı son 15-16 ildə həyata keçirilmiş tədbirlərin nəticəsidir. Ona görə də, yeni seçiləcək heyətə uğurlar arzu etməklə yanaşı, bu dövrdə əziyyət çəkmiş, Azərbaycan futboluna hərtərəfli dəstək olmuş insanlara təşəkkür edirəm. Onların əməyidir ki, bu durumdayıq. Düzdür, mediada tənqidlər olur. Hətta millinin oyunlarından narazılıqlar var. Tənqid iş olan yerdədir. Olimpiya Komitəsində buna adət etmişik. Olimpiya çempionlarının sayı artdıqca, tənqidlərin də sayı artır. Bu normal hadisədir. Ümid edirəm ki, Azərbaycan futbolu bundan sonra da inkişaf edib, yeni-yeni nailiyyətlər qazanacaq".