Azərbaycan bu il Rusiyaya 28 mln. ədəddən artıq yumurta tədarük edib

Azərbaycan bu il Rusiyaya 28 mln. ədəddən artıq yumurta tədarük edib

Bu ilin birinci rübündə Türkiyə, Azərbaycan və Belarus Rusiyaya 235 mln. ədəddən artıq ərzaq yumurtası tədarük edib.

Bu barədə “APA-Economics” “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, bu ilin birinci rübündə Rusiyanın daxili bazarına Belarus, Azərbaycan və Türkiyədən 235,6 mln. ədəd yumurta idxal olunub. Qeyd olunur ki, alınan bütün məhsullar Rusiya Federasiyasının tələblərinə uyğundur.

Ümumilikdə, 2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya 28,1 mln. ədəd yumurta, Türkiyədən 12,6 mln. ədəd, Belarusdan isə 194,8 mln. ədəd yumurta daxil olub.

Vurğulanır ki, Azərbaycan və Türkiyədən ərzaq yumurtalarının tədarükü üçün Rusiya bazarının açılışından bəri “Rosselxoznadzor” 42 mln. ədəddən çox yumurtanın idxalına nəzarət edib.

Bildirilir ki, hazırda 6 Azərbaycan müəssisəsi və 21 Türkiyə şirkətinin Rusiyaya süfrə yumurtasının ixracına icazəsi var.

Qeyd edək ki, xaricdən gətirilən yumurtanın tədarükü bu seqmentdə qiymət vəziyyətini sabitləşdirmək məqsədi daşıyır.

Xatırladaq ki, Azərbaycan süfrə yumurtasının ilk partiyası 2023-cü il dekabrın 19-da “Yaraq-Kazmalyar” keçid məntəqəsi vasitəsilə Rusiyaya gətirilib. Türkiyədən ilk yumurta partiyası 2024-cü il yanvarın 3-də “Yaraq-Kazmalyar” keçid məntəqəsindən Rusiyaya daxil olub.