Son 40 ildə mahnı sözləri daha sadə və monoton olub

Son 40 ildə mahnı sözləri daha sadə və monoton olub

Son illərdə beş ən populyar janrda çıxmış mahnıların sözləri daha sadə və yeknəsəq olub.

“Report” xəbər verir ki, bu barədə araşdırma “Scientific Reports” jurnalında dərc olunub.

Yeni araşdırmada tədqiqatçılar 1980-ci ildən 2020-ci ilə qədər rep, kantri, pop, ritm-n-blüz və rok janrlarında ingiliscə olan mahnıların sözlərini incələyiblər. Birinci mərhələdə 350 mindən çox mahnıdan ibarət verilənlər toplusundan (dataset) istifadə edərək müəlliflər müəyyən janr və zamanın bəstələrinə xas olan mahnı mətnlərinin müxtəlif xüsusiyyətlərini müəyyən ediblər. Daha sonra 12 min mahnıdan (beş janrın hər biri üçün 2 400) istifadə edərək müəyyən edilmiş özəlliklər və bəstələrin populyarlığı arasındakı əlaqəni gözdən keçiriblər.

Məlum olub ki, ümumiyyətlə, nəzərdən keçirilmiş bütün janrlardan olan mahnıların sözləri daha sadə və asan başa düşülən olub, onlarda, xüsusən rep və rokda leksik müxtəliflik azalıb.

Mütəxəssislərin fikrincə, məzmunun sadələşdirilməsi musiqiyə qulaq asma tərzində dəyişiklikləri əks etdirə bilər. Məsələn, mahnılar getdikcə fon musiqisi kimi səslənir.

Müəyyən edilmiş başqa bir tendensiya mahnı sözlərinin zamanla daha emosional və şəxsi olmasıdır. Bundan əlavə, bütün janrların kompozisiyalarında qəzəblə bağlı daha çox söz meydana çıxıb.