BMT TŞ İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək

BMT TŞ İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək.

APA xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"Konsulluğa hücumundan sonra iranlılar BMT Təhlükəsizlik Şurasına bu hərəkəti pisləmək tələbi ilə müraciət ediblər. İranlıların məktubunun ardınca biz BMT Təhlükəsizlik Şurasının açıq iclasını tələb etdik. İclas aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a planlaşdırılıb”, – Polyanski bildirib.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi, onun müavini Məhəmməd Hacı Rəhimi və Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah ölüb.