Peruda hava limanı etirazlara görə fəaliyyətini dayandırıb
Peruda hər il minlərlə xarici turisti qəbul edən Kusko şəhərindəki hava limanı etirazlar səbəbilə fəaliyyətini dayandırıb.
“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, profilaktika məqsədilə Kusko şəhərindəki Alexandro Velasko Beynəlxalq Hava Limanı fəaliyyətini dayandıracaq: “Bu tədbir insanların sağlamlığının qorunması və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilir”.
İkinci gündür hökumət əleyhinə etiraz edən nümayişçilər Kusko şəhərindəki hava limanını ələ keçirməyə çalışırlar. Hələlik polis nümayişçiləri hava limanından uzaqlaşdırmağa nail olub.
Regional hakimiyyət orqanlarının məlumatına görə, asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma zamanı bir nəfər həlak olub, 20-yə yaxın hüquq-mühafizə orqanı əməkdaşı daxil olmaqla 60 nəfər yaralanıb.