Estoniya Rusiya ilə hüquqi yardım sazişindən çıxıb

Estoniya Rusiya ilə hüquqi yardım sazişindən çıxıb

Estoniya Prezidenti Alar Karis Rusiya ilə hüquqi yardım müqaviləsini ləğv edən qanunu təsdiqləyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə dövlət başçısının ofisi məlumat yayıb.

Qanuna verilən izahat qeydində vurğulanır ki, Estoniya ilə Rusiya arasında ikitərəfli münasibətlər yalnız zəruri olan həddə saxlanılmalıdır. Eyni zamanda, mülki, ailə və cinayət işləri üzrə Rusiya ilə əməkdaşlıq imkanları qalmaqdadır, gələcəkdə onların həlli beynəlxalq xüsusi hüquq normaları və beynəlxalq konvensiyalar əsasında aparılacaq.

Xatırladaq ki, martın 20-də Estoniya parlamenti Rusiya ilə müqavilənin denonsasiyası haqqında hökumətin təqdim etdiyi qanun layihəsini təsdiqləyib.

Hüquqi yardım haqqında saziş 1993-cü ildə Moskvada imzalanıb və 1995-ci il martın 19-da, hər beş ildən bir avtomatik yenilənməklə, qüvvəyə minib. Müqaviləni ləğv etmək üçün qarşı tərəf beşillik müqavilə müddətinin bitməsinə azı altı ay qalmış xəbərdar edilməlidir.

Cari beşillik dövr 2025-ci il martın 18-də başa çatacaq. Beləliklə, denonsasiya notası 2024-cü il sentyabrın 18-dək Rusiyaya ötürülməlidir.