Bakıda Belarus Kinosu Günlərinin açılışı olub - FOTO

Bakıda Belarus Kinosu Günlərinin açılışı olub - FOTO

Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində keçirilən Belarus Kinosu Günlərinin açılış tədbiri baş tutub.

APA xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan açılışda hər iki ölkənin mədəni-ictimai xadimləri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu çıxış edərək sözügedən tədbiri mədəniyyət hadisəsi adlandırıb.

Orxan Fikrətoğlunun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusiyada bu formada təqdimi nəzərdə tutulub.

Daha sonra "Belarusfilm" Milli Kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək dördgünlük mədəniyyət hadisəsi ilə bağlı təəssüratlarını ifadə edib.

Çıxışlardan sonra "Лист ожидания" dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.

Qeyd edək ki, 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisinin nümayişi və Belarus xalq sənətkarlıq nümunələri və incəsənət ustalarının ifasında konsert proqramı nəzərdə tutulub.