Azərbaycan Rumıniya ilə “yaşıl enerji dəhlizi” layihəsinin icrasını sürətləndirilməsini müzakirə edib

Azərbaycan Rumıniya ilə “yaşıl enerji dəhlizi” layihəsinin icrasını sürətləndirilməsini müzakirə edib

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaradılacaq “yaşıl enerji dəhlizi” layihənin icra prosesinin sürətləndirilməsi ilə bağlı səylərin gücləndirilməsi vacibdir.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Azərbaycanda səfərdə olan Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja ilə keçirilən görüşdə bildirilib.

Bu dəhliz üzrə birgə müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi və Ümumi və ya Ortaq Maraqlar Layihəsi (PCIs/PMIs) statusuna müraciət istiqamətində görülən tədbirlər nəzərdən keçirilib.

Bu layihəyə Rumıniyanın dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə əməkdaşlıq əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində strateji əhəmiyyətli enerji layihələrinin rolundan bəhs olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi, “Qara dəniz LNG” layihəsi, “Həmrəylik Halqası”, SOCAR və “Romgaz S.A.” arasında qaz tədarükü, həmçinin “Transgaz” ilə qaz nəqli üzrə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair müzakirələr aparılıb. Neft və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub, məlumatda deyilir.

Söhbət zamanı enerji məsələlərinin tənzimlənməsi sahəsində hər iki ölkənin müvafiq qurumları arasında intensiv əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi razılaşdırılıb.