Azərbaycanda taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanılır

Azərbaycanda taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayır.

"Birxeber.Az" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar artıq müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:

"İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb".

Məlumata görə, elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb.

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.