Qəbələdə əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib

Qəbələdə əmək hüquqlarını pozan şirkət  20 min manat cərimələnib

Qəbələdə fəaliyyət göstərən “Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti əmək hüquqlarını pozduğu üçün 20 min manat cərimələnib.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, MMC-nin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.