KİV: İran "Crocus"a hücumdan əvvəl Rusiyaya terror xəbərdarlığı edibmiş

KİV: İran "Crocus"a hücumdan əvvəl Rusiyaya terror xəbərdarlığı edibmiş

İran mart ayında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert salonunda törədilən qətliamdan əvvəl irimiqyaslı terror aktı törədilə biləcəyi barədə Rusiyanı məlumatlandırıb.

APA xəbər verir ki, bu barədə "Reuters" üç məlumatlı mənbəyə istinadən yazıb.

"Rusiyadakı hücumdan bir neçə gün əvvəl Tehran İranda terror aktları ilə bağlı həbs olunanların dindirilməsi zamanı əldə edilən informasiyaya əsasən Rusiya daxilində mümkün böyük terror aktı barədə Moskva ilə məlumat paylaşıb", - mənbələrdən biri "Reuters" agentliyinə bildirib.

Məsələnin həssaslığına görə anonim danışan ikinci mənbə deyib ki, Tehranın gözlənilən hücumla bağlı Moskvaya verdiyi məlumatda vaxt və dəqiq hədəflər bağlı konkret təfərrüatlar olmayıb.

"Onlara (İŞİD-K üzvlərinə) Rusiyada əhəmiyyətli əməliyyata hazırlaşmaq tapşırılıb... Terrorçulardan biri (İranda həbs olunub) qruplaşmanın bəzi üzvlərinin artıq Rusiyaya getdiyini bildirib", - ikinci mənbə bildirib.

"İran illərdir terror hücumlarının qurbanı olduğu üçün İran hakimiyyəti həbs edilmiş terrorçulardan əldə etdiyi məlumat əsasında Moskvanı xəbərdar etmək öhdəliyini yerinə yetirib", - üçüncü mənbə olan yüksək rütbəli təhlükəsizlik rəsmisi deyib.


Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı bildirib ki, o bu barədə məlumatlı deyil.

İran Xarici İşlər Nazirliyi və Ağ Evdən də məsələ ilə bağlı heç bir şərh verilməyib.

Xatırladaq ki, Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı 140-dan çox olub.