On altı minə yaxın şəxs “Yüksəliş” üçün qeydiyyatdan keçib

On altı minə yaxın şəxs “Yüksəliş” üçün qeydiyyatdan keçib

"Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü üçün qeydiyyat mərhələsi 31 mart saat 18:00-da başa çatıb.

"Yüksəliş"dən APA-ya verilən xəbərə görə, qeydiyyat mərhələsi 1 mart tarixində start götürdü və bir ay davam etdi. Bu müddətdə 15877 şəxs qeydiyyat mərhələsini uğurla tamamlayıb. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciətin ötən illərlə müqayisədə daha çox olduğu nəzərə çarpıb. Qeydiyyatdan keçənlərin 11423-ü kişi, 4454-ü isə qadındır. Dördüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 9278 namizəd öncəki müsabiqələrdə də iştirak edib.

Müsabiqədə iştirak üçün mümkün yaş aralığının 21-51 yaş olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21-30 yaşda olan 5918 nəfər, 41-51 yaş aralığında isə 1831 nəfər namizəd yer alır. Namizədlərdən 21 yaşı olan iştirakçı sayı 52, 51 yaşında isə 22 nəfər təşkil edir.
Nəticələrə əsasən iştirakçıların 8961 nəfəri dövlət, 6665 nəfəri özəl, 204 nəfəri qeyri-hökumət, 148 nəfəri isə beynəlxalq təşkilatların əməkdaşlarıdır.
Hazırda müsabiqənin işçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.