Nazir: "Rumıniya Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsində haba çevrilə bilər"

Nazir: "Rumıniya Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsində haba çevrilə bilər"

Rumıniya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Avropa bazarında iştirakının genişləndirilməsini və Azərbaycan qazının Avropa bazarına tədarükünü alqışlayır.

“Report” xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına həsr olunan brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycana səfəri zamanı genişspektrli məsələlər, o cümlədən energetika sahəsində bir sıra əsas mövzular müzakirə olunub:

“Azərbaycan təbii qaz istehsalçısı və ixracatçısıdır, Rumıniya isə Avropaya giriş qapısıdır. Biz həm də qaz, eləcə də gübrələr, əczaçılıq məhsulları və s. kimi digər mallar üçün böyük istehlak bazarıyıq. Biz Azərbaycan qazının Avropa bazarına Rumıniya vasitəsilə çıxmasına çalışırıq”.

Nazir qeyd edib ki, Rumıniya yeni mayeləşdirilmiş təbii qaz (LNG) terminalı layihəsi üzərində işləmək niyyətindədir: “Bu, bizim ölkələrimizə xidmət edəcək”.

Sebastyan-İoan Burduja vurğulayıb ki, Budapeşt Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında “yaşıl enerji”nin tədarükü üzrə Strateji Tərəfdaşlıq Sazişinin həyata keçirilməsində irəliləyişə ümid edir.

O əlavə edib ki, digər tərəfdən, iqtisadiyyatın digər potensial qarşılıqlı faydalı sahələri də var: “Biz enerji sahəsində əməkdaşlıqdan əlavə, turizm sahəsində əməkdaşlıq və iki ölkə arasında mədəni mübadilə məsələlərini də müzakirə etdik”.