Rusiyanın ən zəngin adamlarının sərvəti 18 mlrd. dollar artıb

Rusiyanın ən zəngin adamlarının sərvəti 18 mlrd.  dollar artıb

2024-ci ilin əvvəlindən Rusiyanın ən zəngin adamlarının sərvəti ümumilikdə 18 milyard 293 milyon dollar artıb.

APA-nın xəbərinə görə, müvafiq siyahını "Bloomberg Billionaires Index" açıqlayıb. Siyahıya il ərzində əldə etdiyi 5,29 milyard dollarlıq qazancla "Eurochem" və "Sibir Kömür Enerjisi" korporasiyalarının sahibi, 52 yaşlı Andrey Melniçenko başçılıq edir.

Onun şəxsi sərvətini 24,1 milyard dollara çatdırdığı bildirilir. "Severstalğ" şirkətinin əsas səhmdarı olan Aleksey Mordaşov isə 3,75 milyard dollarlıq artımla ikinci yerdə qərarlaşıb. Nəticədə onun sərvəti 24,6 milyard dollar səviyyəsində müəyyənləşib. Siyahının üçüncüsü "NLMK" metallurgiya korporasiyasının Direktorlar Şurasının sədri Vladimir Lisindir. 68 yaşlı milyarderin malik olduğu varidat 26,9 milyard dollara yüksəlib. "Bloomberg Billionaires Index" həmçinin kapital itkisinə məruz qalan milyarderin də adını açıqlayıb.

Qeyd olunub ki, "Metalloinvest" holdinqinin sahibi Alişer Usmanov cari ildə 2,8 milyard dollarlıq itki ilə üzləşib. Lakin bu cür nəhəng kapital itkisinin səbəbləri barədə açıqlama verilməyib. Onun sərvəti hazırda 18,3 milyard dollar təşkil edir.

Fərid Azəri