Nazir: Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması gələcəyə yönəlik planımızdır

Nazir: Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması gələcəyə yönəlik planımızdır

Ombudsman Aparatının əməkdaşları tərəfindən psixiatriya müəssisələrinə mütəmadi ziyarətlər keçirilmiş, pasiyentlərin hüquqlarının təminatı vəziyyəti, saxlanma şəraiti və digər məsələlər yerində araşdırılıb.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, Səhiyyə Nazirliyi olaraq Ombudsman Aparatı ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirir və icrası qısa zamanda mümkün olan tövsiyələr dərhal yerinə yetirilir.

Nazir, həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq bu istiqamətdə bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur:

"Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo - sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması gələcəyə yönəlik planlarımızdır".