FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.

Üç mövqe geriləyən Teymur Rəcəbov (2723) 28-ci ola bilib.

Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov "100-lük"dən kənardadır.

Siyahıda norveçli Maqnus Karlsen (2830) liderdir. ABŞ-dən olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) "üçlüy"ü qapayır.

Qadın qrossmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FIDE, 2553) yer alıb.