Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatıb - FOTO - YENİLƏNİB-1

Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatıb - FOTO - YENİLƏNİB-1

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkilərində səsvermə başa çatıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.

Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, bəzi olaylar istisna ilə, seçkilər problemsiz başa çatıb. O, həmin olaylarda həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib. Eyni zamanda səslərin sayılması prosesinin davam etdiyini, səsvermənin nəticələri ilə bağlı məlumatların anlıq olaraq partiyalara ötürüldüyünü söyləyib. Ahmet Yener MSK-nın toplaşacağını, mediada yayım qadağasının nə zaman qaldırılmasına dair məsələnin müzakirə olunacağını da bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə paylaşımında artıq səslərə sahib çıxma zamanı olduğunu vurğulayıb.

***

saat 09.05

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkiləri keçirilir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, seçki prosesi yerli vaxtla saat 08:00-da (Ölkənin şərq bölgəsində yerləşən 32 vilayətdə 07:00-dan etibarən) başlayıb.

Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparır.

Qeyd edək ki, ən gərgin mübarizənin Türkiyənin 30 böyük şəhərində olması gözlənilir. Ən çox namizədin qeydə alındığı şəhər isə İstanbuldur. Bu meqapolisin bələdiyyə sədri postu üçün 49 şəxsin namizədliyi irəli sürülüb. İstanbulda seçki bülleteninin uzunluğu 1 metrə yaxındır. İstanbuldan sonra ən çox namizədin qeydə alındığı iki şəhər Qaziantep və Malatyadır. Bu şəhərlərdə müvafiq olaraq 29 və 28 namizəd qeydə alınıb. Ölkənin paytaxtı Ankaranın Böyük Şəhər Bələdiyyəsinə 5 il müddətinə başçılıq etmək üçün isə 24 namizəd iddialıdır.

Bələdiyyə seçkiləri çərçivəsində 61 milyon 441 min 882 seçicinin səs verməsi üçün 250 min 903 seçki qutusu quraşdırılıb. Səsvermə prosesi yerli vaxtla 17:00, bəzi şərq bölgələrində isə 16:00-da başa çatacaq.

***

saat 08.22

Türkiyədə bələdiyyə seçkiləri başlayıb.

APA xəbər verir ki, seçkilərdə 30 böyük şəhərin bələdiyyə sədri seçiləcək.

Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Ölkənin əsas hissəsində seçkilər saat 08:00-da başlayıb 17:00-da başa çatacaq.

Türkiyə MSK-nın qərarına əsasən, səsvermə cədvəlində dəyişikliklər Ramazan ayının özəllikləri nəzərə alınaraq edilib. Bu dəyişiklər 81 vilayətdən 32-nə aiddir.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.