Türkiyənin 32 vilayətində səsvermə başa çatıb

Türkiyənin 32 vilayətində səsvermə başa çatıb

Türkiyənin 32 vilayətində saat 07.00-da başlayan yerli idarəetmə orqanlarına seçkilər üçün səsvermə başa çatıb.

"Birxeber.Az" "Haber Global" istinadən xəbər verir ki, digər vilayətlərdə səsvermə bir saata bitəcək.

Seçicilər siyahısındakı seçicilərin hamısı səs vermiş olsa belə, qutular yerli vaxtla saat 17:00-dan sonra açılacaq.

İlk olaraq bələdiyyə sədrinin bülletenləri hesablanacaq.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

AK Parti və Milliyyətçi Hərəkat (MHP) partiyalarının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur. 2023-cü il seçkilərində “Cümhur İttifaqı”nda yer alan Yenidən Rifah yerli seçkilər üçün AK Parti ilə apardığı danışıqlarda uzlaşa bilməyəndən sonra seçki yarışına öz namizədləri ilə girməyə qərar verib.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.