Türkiyəli hərbi ekspert: Ermənistanın son addımları bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq

Türkiyəli hərbi ekspert: Ermənistanın son addımları bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq

Ermənistanın son addımları bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq.

Bu sözləri "Birxeber.Az"a açıqlamasında Türkiyəli hərbi ekspert Yücel Karauz deyib.

Hərbi ekspert bildirib ki, Ermənistanın son hərəkətləri dostyana deyil: "Bir neçə ay əvvəl Ermənistan Azərbaycana toqquşma olmaması üçün ordunun bəlli bir məsafəyə geri çəkilməsi barədə təklif vermişdi. Bu ölkə sərhəd ərazilərə ordu yığmamışdan əvvəl üzünü qərbə tutaraq guya, Azərbaycanın onlara hücum edəcəyini əsas gətirmişdi. Daha sonra qərb missiyası sərhəd ərazilərə dəvət edildi. Fikrimcə, Ermənistan Qərblə razılaşaraq bölgədə toqquşma yaratmaq istəyir, həm Rusiyadan canını qurtarmaq, həm də Qərb qüvvələrini ölkəsinə gətirmək istəyir".

Y.Karauzun sözlərinə görə, Ermənistan Rusiya ilə müttəfiqliyi dayandırmağa çalışır:

"Onlara bu məqsədə çatmaq üçün başda Fransa olmaqla, Hindistan, zamanla bu tələyə düşən İran silahlanmaqla kömək edir. Bunun nəticəsində Ermənistan uzun illər öz ordusunu bərpa edə bilməyəcəyi üçün Qərbin Qafqazda missiyasını yerinə yetirən bir quruma çeviriləcək.

Ekspert vurğulayıb ki, Qərbin Ermənistana müdaxiləsinə Rusiya səssiz qalmayacaq. Bununla yanaşı, Bakı və Ankara arasında imzalanan Şuşa bəyannaməsi Azərbaycana qarşı olan hər hansı bir təxribata Türkiyənin də səssiz qalmayacağına əsas verir.

"Bölgə çox sürətlə toqquşma meydanına çevrilməyə doğru gedir. Azərbaycan Ermənistanın istənilən təxribatına həm İkinci Qarabağ müharibəsindəki kimi, həm də antiterror tədbirləri kimi cavab verəcək. Lakin, bu toqquşma sadəcə iki ölkə arasında olmayacaq", - Y.Karauz əlavə edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi son zamanlar şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkətinin müşahidə olunması barədə məlumat yayıb.

Məlumata görə, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

"Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir", - Müdafiə Nazirliyinin məlumatında deyilir.