Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: yaşı əsri ötən dəhşətli faciənin hekayəsi

Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: yaşı əsri ötən dəhşətli faciənin hekayəsi

Quba Soyqırımı zamanı kişilərin gözü qabağında qadınlarına təcavüz edib, hamilə qadınların qarınlarını deşərək övladlarını bətnindən çıxarıblar.

Bunu “Report”a müsahibəsində 65 yaşlı Quba şəhər sakini Yavuşa Simanduyev deyib.

Y.Simanduyevin sözlərinə görə, o bu barədə ata-babalarından eşidib:

“Biz onların söylədikləri tükürüpədici hadisələri eşidərək böyümüşük. Dediklərinə görə, ermənilər nəinki azərbaycanlılara, eyni zamanda orada yaşayan digər etnik qruplara qarşı da amansızlıqlar törədib. Atam söyləyirdi ki, o vaxtı ermənilər kim qarşılarına çıxıb, güllələyiblər, insanlara zülm ediblər. Ən dəhşətli məqamlardan biri isə odur ki, kişilərə əzab vermək, qürurlarını sındırmaq üçün onların qarşısında qadınlarına təcavüz ediblər. Hətta bəzi kişilər o anı görməsin deyə, özlərini öldürüblər".

Qırmızı Qəsəbə sakini Nisim Nisimov atasından dinlədiklərini bizimlə bölüşür: “Onu deyim ki, əvəllər ermənilər Qubanın yuxarı hissəsində yaşayıblar. Hətta vaxtı ilə orada onların kilsəsi də olub. Atam 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlıq aşkar olunanda deyirdi ki, onların camaatı qırıb basdırdığı quyular çox olub, ortaya çıxanlar isə hələ ki, bunlardır. Qubada Avşalumov Apsyon adlı bir nəfər var idi. Bir neçə il bundan əvvəl vəfat edib. O danışırdı ki, babası Xaçmazda işləyirmiş. O vaxtı işdən qayıdan zaman 6 nəfər kişini Xaçmaz yolunda öldürüblər. Amma necə öldürüblər, başlarına nə gəlib, tam olaraq bilən olmayıb. Ermənilər çox qəddarcasına davranıblar, qadın, qoca, uşaq demədən qırıblar. Ailələri məhv ediblər. Hətta 11 nəfər ailə üzvünü birdən qətlə yetiriblər”.

Digah kənd sakini Hacıyev Mənsur deyir ki, ulu babaları ermənilərin azərbaycanlılara qarşı nifrətinin olması ilə bağlı müxtəlif əhvalatlar danışıblar:

"Bu hadisə ilə bağlı deyirdilər ki, ermənilər qarşılarına çıxan insanları qırmaqla saylarını azaltmağı düşünüblər. Quba camaatı o vaxtı az itki vermək üçün dağlara üz tutub, günlərlə soyuq havada dağlarda, Alpan, Kürkün meşələrində yaşamaq məcburiyyətində qalıblar”.

Qeyd edək ki, hazırda Quba şəhərində soyqırımının izlərini daşıyan məzarlıq mövcuddur. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilən məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu təsdiqlənib.

Kompleksin əməkdaşı Əbutalib Turabov bildirib ki, tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan meytinin qalıqları aşkar edilib: “Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə yaşlı kişilərə aiddir. Bu kompleks erməni vandalizminin əyani sübutudur. Araşdırma zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan yəhudi, ləzgi, tat və digər etnik qrupların nümayəndələri də xüsusi amansızlıqla qətlə yetirilərək basdırılıb”.

Xatırladaq ki, ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.

Daha ətraflı videomaterialda: