Kütləvi məzarlıqda qalıqları aşkarlanan 7 nəfər dəfn olunması üçün Xocalıya gətirilib

Kütləvi məzarlıqda qalıqları aşkarlanan 7 nəfər dəfn olunması üçün Xocalıya gətirilib

Kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər dəfn olunması üçün Xocalı rayonuna gətirilib.

Bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Bir azdan soyqırımı qurbanlarının Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn mərasimi keçiriləcək.

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb.

Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmçinin tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.