Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib - YENİLƏNİB

Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib - YENİLƏNİB

Moskva şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib, qarşılıqlı faydalı əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.

Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq məsələləri, Latın Amerikası regionu ilə münasibətlərə məsul nümayəndələri ilə də görüşləri baş tutub.

23:33

Martın 29-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib.

Cənubi Qafqazdakı hazırkı vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunulub.

Görüş Rusiya-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlıq ruhuna uyğun gələn ənənəvi dostluq və etimad şəraitində keçdi.