Bəhruz Məhərrəmov: Cənubi Qafqazda beynəlxalq hüququn aliliyinin təmin olunması ABŞ və Avropanı qane etmir

Bəhruz Məhərrəmov: Cənubi Qafqazda beynəlxalq hüququn aliliyinin təmin olunması ABŞ və Avropanı qane etmir

Aprelin 5-də keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı bir daha göstərir ki, Cənubi Qafqazda beynəlxalq hüququn aliliyinin təmin olunmasında ehtiva olunan status-kvo ABŞ və Avropanı qane etmir və onlar regionda yeni münaqişəli vəziyyətin formalaşmasında maraqlıdır.

Bunu Birxeber.Az-ya açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, xüsusən Ermənistanın Baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının Prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair paktın imzalanması planı sübut edir ki, Bakı və İrəvan arasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlamaqdadır: “Ümumiyyətlə, məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qaldığı 30 il ərzində Qərb Azərbaycanı ərazi itkiləri ilə barışdırmaq üçün davamlı şəkildə sülh və xalqlar arasında etimad quruculuğuna təşviq edirdi. Lakin Vətən müharibəsi və antiterror tədbirlərində Zəfərimizdən sonra ABŞ və Avropanın açıq formada sülh qarşısında maneəyə çevrildiyini görməkdəyik. Bunun isə çox sadə səbəbi var, Qərb imperializmi Cənubi Qafqazda maraqlarını “parçala və hökm sür” siyasəti üzərində quraraq Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığına özlərinin regiondakı maraqlarının təmini üsulu kimi baxıb. Lakin Azərbaycanın 3 il ərzində Ermənistan və havadarlarını iki dəfə kapitulyasiyaya məcbur etməsi ilə planları pozulan Qərb Bakıya qarşı müxtəlif platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatlarda uğursuz qarayaxma kampaniyalarına başladı. Məsələn ötən ilin aprelindən sentyabrına qədər “Humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan və şəxsən Prezident İlham Əliyevə qarşı miqyaslı təzyiq kampaniyası buna bi misaldır. Lakin çoxsaylı hücumların fiaskoya uğraması və regionda məhz Bakının direktivlərinin reallaşması fonunda Qərb yaxşı başa düşür ki, Azərbaycan asan rəqib deyil. Təsadüfi deyil ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir Qərb subyekti açıq formada Azərbaycanın qarşısında mövqe tuta bilmədi və onlar siyasi bəyanatlar və İrəvana vədlərlə kifayətlənməli oldu. Əlbəttə, Qərb bu reallığın fərqindədir və fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi çıxışında Prezidentin də dediyi kimi, “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”. Bu mənada, Brüsseldə təcavüzkar mahiyyət daşıyan hərbi pakt mahiyyətcə Ermənistanın təhlükəsizliyinin təmin edilməsi yox, Ermənistanın revanşa hazırlaşdırılması ilə Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Üstəlik bu dəfə təcvüzkar blok daha əhatəli plan üzrə hərəkət etməyə çalışır. Məsələn ABŞ və Avropa Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdığı informasiya resurslarını daha da gücləndirərək hazır vəziyyətə gətirməyə çalışırdı. Lakin Bakının qabaqlayıcı tədbirləri faktiki olaraq Qərbi bu alətindən də müəyyən mənada məhrum etdi. Nəticədə, daha da azğınlaşan Qərb artıq gizlin yox, açıq fəaliyyətə keçməklə güc nümayiş etdirmək niyyətindədir. Prezident İlham Əliyevin də dediyi kimi, “Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı”.

Yəni ötən bir il ərzində Avropa İttifaqının Ermənistandakı missiyasının pensiyaçı hərbçilərdən ibarət “mülki” xarakteri ilə pərdələnən Qərb artıq regionda özlərinin hərbi mövcudiyyətlərini legitimləşdirmək niyyətini gizlətmir. Yəni faktiki olaraq Avropa İttifaqı və ABŞ məqsədli formada Ermənistandakı revanşist dairələrdə yeni münaqişə başlayarsa, İrəvana hərbi dəstək verəcəyinə dair illüziya formalaşdırır. Bu isə Ermənistanı yeni münaqişəyə təşviq etməkdir. Belə olan halda, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da ifadə olunduğu kimi, Aİ və ABŞ bölgədə sabitliyi pozan hər hansı mümkün ssenariyə görə Ermənistanla birgə məsuliyyəti bölüşəcəklər. Üstəlik Azərbaycan da prosesləri sükutla qəbullanmaq niyyətində deyil. Rəsmi Bakı hələlik “bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır". Lakin qarşı tərəf daha da irəli getməyə çalışarsa, Cənab İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başlayan zaman elə ilk bəyanatındaca ifadə etdiyi kimi, “bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.

Bəhruz Məhərrəmov qeyd edib ki, imzalanacaq Brüssel Paktı Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılmasını hədəfləyir və bu baxımdan proses yalnız Azərbaycana yox, ümumilikdə region ölkələrinə, ələlxüsus Rusiya və İranın maraqlarına qarşı da yönəlib: “Lakin təəssüf ki, nə daim qırmızı cizgiləri barədə bəyanatlar verməyi sevən cənub qonşumuz İran, nə də Qərbə münasibətdə barışmaz mövqe sərgiləyən Rusiya hələlik Qərbin açıq hərbi həmləsinə reaksiya vermir. Baxmayaraq ki Qərbin Ermənistanda hərbi mövcudiyyəti ilk növbədə elə Moskva və Tehranın maraqlarına sarsıdıcı zərbə olacaq”.