Səfir: Pakistan Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

Səfir: Pakistan Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

Pakistan Azərbaycanla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı dəstəkləyir və onu dərinləşdirməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistanın Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.

“Son üç ildə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Əməkdaşlığın bütün potensialından istifadə etmək üçün bu istiqamətdə daha çox iş görmək lazımdır”, - o bildirib.

Səfir xatırladıb ki, 2023-cü ilin iyununda Pakistanın Baş naziri Şahbaz Şərif Bakıda olub və Prezident İlham Əliyevlə geniş müzakirələr aparıb.

“Ölkə liderləri bir çox sahələrdə, xüsusilə energetika, ticarət, investisiya və turizm sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər”, - Haye əlavə edib.

O, həmçinin qeyd edib ki, hazırda Bakıdan Pakistanın iri şəhərlərinə həftəlik birbaşa uçuşlar həyata keçirilir.

“Ən yüksək səviyyədə müntəzəm qarşılıqlı əlaqəmiz hər gün inkişaf etməkdə davam edir”, - səfir fikrini yekunlaşdırıb.