Hikmət Babaoğlu: Azərbaycan və Çin böyük əməkdaşlıq perspektivlərinə malikdir

Hikmət Babaoğlu: Azərbaycan və Çin böyük əməkdaşlıq perspektivlərinə malikdir

Hazırda beynəlxalq münasibətlər sistemində Çinin artan rolu bu ölkəni özünəməxsus bir cazibə mərkəzinə çevirməkdədir.

Bunu Birxeber.Az-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, heç şübhəsiz ki, Çin dünyanın təkcə siyasi mərkəzlərindən deyil, həm də ən nəhəng iqtisadi mərkəzlərindən biridir: “Nəzərə almaq lazımdır ki, həm coğrafi mövqe etibarlə, həm də iqtisadi əməkdaşlıq potensialına görə Azərbaycan regionun ən mühüm ölkəsi olmaqla Çinlə böyük əməkdaşlıq perspektivlərinə malikdir: “Üstəlik, Azərbaycanın həyata keçirdiyi mühüm nəqliyyat – kommunikasiya layihələri bu imkanları daha da artırmaqla Azərbaycanı həm də Çinlə Avropa arasında vacib tranzit ölkəsinə çevirir. Ona görə də hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlıq hər gün daha çox aktuallaşır. Diqqət etsək görəcəyik ki, Çin və Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərində bir ardıcıllıq və dinamika var. Bu, özlüyündə təkcə iqtisadi, kommunikasiya maraqları ilə izah edilən hadisə deyil, həm də qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərdir. Son dövrlərdə isə dünyada baş verən regional və qlobal hərbi-strateji hadisələr kontekstində Çin və Azərbaycanın ortaq ideyası olan Orta Dəhliz layihəsi və onun səmərəliliyi daha da cazibədar görünür. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinin olduqca mühüm bir həlqəsi Azərbaycandan keçir. Hazırda bu layihə üzrə yükdaşımalar iqtisadi səmərəlik və təhlükəsizlik baxımından təcrübədə özünü doğruldur. Ona görə də ölkəmizin təşəbbüsü ilə Orta və Ön Asiyalı müttəfiqlərimiz də həm təbii coğrafi baxımdan, həm də iqtisadi-siyasi maraqlar baxımından bu layihənin iştirakçılarına çevrilməkdədirlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu münasibətlər sistemli xarakter daşımaqla perspektivdə həm də Çin – Türk Dövlətləri Təşkilatı əməkdaşlığına çevrilir. Hazırda ölkələrimiz arasında yükdaşımaların optimallaşdırılması və vahid tariflərin müəyyənləşdirilməsi təşəbbüsləri var ki, bu, nəticə etibarilə vahid pəncərə siyasətinin tətbiqinə gətirib çıxaracaq”.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında dostluq münasibətləri, qarşılıqlı hörmət və etimad, Azərbaycan Prezidentinin Çinə səfərləri, qarşılıqlı məktublar iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsinin siyasi zəmanətidir: “Bu kontekstdə Çin sərmayəsinin Azərbaycan iqtisadiyyatına qazandırılması ayrıca bir hadisədir. Sumqayıtda kafel-metlax zavodunun işə düşməsi, “Acwa Power” şirkətinin yaşıl enerji ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi yaşıl enerji sahəsində əməkdaşlığın perspektivləri iqtisadi münasibətlərdə yeni istiqamətlər müəyyənləşdirir. Nəzərə almaq lazımdır ki, Çin müasir texnologiyalar və onların iqtisadiyyata tətbiqində Qərbin monopoliyasına son qoymaqdadır. Ölkəmizin də iqtisadi inkişaf məqsədləri məhz yeni texnoloji nailiyyətlərin iqtisadiyyata tətbiqinə hesablanıb. Bütün bunlar isə Çin və Azərbaycan arasında əməkdaşlığın strateji mahiyyətini şərtləndirir.