Atmosfer havasına atılan çirkləndirici maddələrin 85 faizi avtomobillərin payına düşüb

Atmosfer havasına atılan çirkləndirici maddələrin 85 faizi avtomobillərin payına düşüb

2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min ton təşkil edib ki, onun da 85,0 faizi və ya 820,8 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Dövlət Statistika Komitəsindən Birxeber.Az-ya verilən xəbərə görə, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalıb, Mingəçevir şəhərində isə 0,2 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb. Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5 faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.