Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Birxeber.Az xəbər verir, bu gün Xətai Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb.

Xatırladaq ki, "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.