Ankarada Azərbaycan Evi açılıb

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

"Report"un Ankara bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə qurulan məkanda ölkəni tanıdan bir sıra nümunələr təqdim edilib.

Azərbaycan və Türkiyə qardaşlığının simvolları, iki ölkənin bayraqları, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın, ümummilli lider Heydər Əliyevin fotoşəkillərinin yer aldığı Azərbaycan Evində digər nümunələr də diqqət çəkib. Burada Azərbaycan xalçaları, milli geyimləri, seramik və çini qablarda ölkəni simvolizə edən suvenirlər, rəsm əsərləri, musiqi sənətini əks etdirən tar, kaman, saz, qaval, balaban və ölkə haqqında məlumat lövhələri, kitablar yer alıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, daxilində kiçik bir kitabxana yerləşən Azərbaycan Evi daha da böyüyəcək: "Biz daim oraya yeni eksponatlar, kitablar, Azərbaycanı tanıdan əşyalar gətirəcəyik və yeniləyəcəyik. Turqut Altınok harada varsa, orada türk dünyası fəaliyyətləri, xüsusilə Azərbaycanla bağlı aktiv işlər görülməkdədir. Odur ki, qarşıda Turqut Altınokla daha çox işlərimiz olacaq. Daha böyük muzeylər, Azərbaycan evləri quracağıq”. O, Azərbaycan Evinin açılmasında göstərdiyi dəstəyə görə Turqut Altınoka minnətdarlıq edib.

Keçiörən bələdiyyəsinin sədri, Ankara Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Turqut Altınok isə çıxışına Atatürkün sözləri ilə başlayıb: “Atatürk 1931-ci ildə deyirdi ki, qonşumuz olan SSRİ bir gün dağılacaq və dini, dili bir olan türk qardaşlarımız həmin günlərə hazır olmalıdır. “Türkün göz yaşı qapısı” adlandırılan Zəngəzur isə gün gələcək açılacaq. Zəngəzur dəhlizinin açılışı ilə türk dünyasının daha da böyüyəcəyini səbirsizliklə gözləyirik. Çünki Atatürkün də söylədiyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”.

T.Altınok deyib ki, Azərbaycan və Türkiyə hər zaman xalq, ölkə olaraq bir-birinin yanında olublar: "Birliyimiz, qardaşlığımız çox önəmlidir. Azərbaycan Evinin “Esterqon Türk Mədəniyyət Mərkəzində açılması bizim üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, Ankara Böyükşəhər Bələdiyyəsinə sədr seçildiyimdə daha böyük Azərbaycan Evi açacağıq. Azərbaycan səfirliyinə də bu məsələdə fəallığı ilə əlaqədar təşəkkür edirəm”.

Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Tacikistanın Türkiyədəki konsulu Abdurrahmoni Mahmadullo, Qırğızıstanın Türkiyədəki səfirliyinin əməkdaşı Aziz Kiştobayev, dərnək rəhbərləri, media nümayəndələri və yerli sakinlər iştirak ediblər.