Amerikalı politoloq: Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər

Amerikalı politoloq: Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər

Brüsseldə aprelin 5-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ-Avropa İttifaqı formatında görüş sülh prosesinə daha bir maneə və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına təhlükədir. Azərbaycan isə sülhə nail olmaq üçün səy göstərir.

Bunu "Report"a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Ekspert qeyd edir ki, Brüssel konfransı artıq xaotik vəziyyətdə olan dünyanın daha da bölünməsinə təkan olacaq: “Soyuq müharibədən sonrakı dünya nizamı dönüş mərhələsindədir. Transatlantik müttəfiqlər anlamırlar ki, Ermənistan hakimiyyəti revanşist əhvali-ruhiyyə ilə silah və hərbi texnologiyalar toplamaq üçün vaxt qazanmağa çalışır”.

Politoloq qeyd edib ki, qarşıdan gələn konfrans nəticəsində Ermənistan ekoloji terroru davam etdirmək üçün “təsdiq” ala bilər: “Ekspertlərin fikrincə, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində yerləşən Arazdəyən kəndindəki metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan artıqdır. Bu, çoxsaylı tullantı su və zəhərli qaz deməkdir. Azərbaycan hökumətinin dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, bu məsələ ilə bağlı heç bir ciddi tədbir görülməyib. ABŞ Dövlət Departamenti də öz növbəsində belə ekoloji cinayətlərə göz yummamalıdır”.

Ekspert hesab edir ki, konfransın “əlverişli” nəticəsi “Qərb demokratiyası tərəfindən saxta erməni ritorikasına dəstək” ola bilər. Bu, əsas dünya aktorlarının qərəzsiz vasitəçi ola bilməməsi, eləcə də Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi məqsədilə Bakı ilə İrəvan arasında danışıqlar üçün neytral platforma yarada bilməməsi deməkdir.