ABŞ konqresmenləri ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Türkiyədə səfərdədir

ABŞ konqresmenləri ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Türkiyədə səfərdədir

ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi heyət Türkiyədə səfərdədir.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, nümayəndə heyətinə konqresmenlər Adam Smit, Saluda Karbajal və Veronika Eskobar daxildir.

ABŞ təmsilçiləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan, Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarla görüşüblər.

Görüşlərdə ikitərəfli əlaqələr, Ukrayna və Qəzza zolağında müharibə, İŞİD və PKK terror qruplaşmalarına qarşı mübarizə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə nəzərdə tutulan səfəri ilə bağlı məsələlər müzakirə olunub.

Görüşlərdə bildirilib ki, Türkiyə sərhədlərində terror dəhlizlərinin formalaşmasına icazə verilməyəcək, ölkənin milli təhlükəsizliyi daim yüksək tutulacaq.

ABŞ nümayəndələri bu gün Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) rəhbəri İbrahim Kalınla da görüşəcəklər.