“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “AvtoVAZ”ın rəhbəri Maksim Sokolovun sözlərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib. Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilər üçün Rusiyanın Tolyatti şəhərindən olan mütəxəssislər təlim keçiblər.

Qeyd edilib ki, Azərbaycanda yerli istehsalın açılması “Lada”nın bu ölkədəki bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin mövcudluğunu artırmağa kömək edəcək.

“Biz “Granta” ilə başlayırıq və ilin sonuna qədər yerli istehsalın çeşidini “Niva” ailəsi – “Legend” və “Travel” ilə genişləndirməyi planlaşdırırıq. Test nümunələri artıq yığılıb, “Vesta” ailəsi ilə birlikdə keyfiyyət yoxlamasından keçir. Yaxın bir neçə ildə illik istehsal həcmi 4-5 min avtomobilə çata bilər”, - məlumatda qeyd edilib.