Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

“Report”un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

Dövr Kişilər üzrə pensiya yaşı - Qadınlar üzrə pensiya yaşı

1 iyul 2017 – 30 iyun 2018 - 63 il 6 ay - 60 il 6 ay
1 iyul 2018 – 30 iyun 2019 - 64 il - 61 il
1 iyul 2019 – 30 iyun 2020 - 64 il 6 ay - 61 il 6 ay
1 iyul 2020 – 30 iyun 2021 - 65 il - 62 il
1 iyul 2021 – 30 iyun 2022 - 65 il - 62 il 6 ay
1 iyul 2022 – 30 iyun 2023 - 65 il - 63 il
1 iyul 2023 – 30 iyun 2024 - 65 il - 63 il 6 ay
1 iyul 2024 – 30 iyun 2025 - 65 il - 64 il
1 iyul 2025 – 30 iyun 2026 - 65 il - 64 il 6 ay
1 iyul 2026 və sonra 65 il - 65 il

Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin pensiyanın sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.