Azərbaycanın xariclə xidmətlər balansındakı kəsr 13%-dən çox azalıb

Azərbaycanın xariclə xidmətlər balansındakı kəsr 13%-dən çox azalıb

2023-cü il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14.9 mlrd. dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansına dair hesabatında bildirilib.

Bunun 8.6 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6.3 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 13.5% azalaraq 2.3 mlrd. dollar olub.

Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 2.1 mlrd. dollar (4.0% artım) olub. Qeyri neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 272.6 mln. dollar (61.9% azalma) təşkil edib.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 31.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4.6 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 62.5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.9 mlrd dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.7 mlrd dollar təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 5.1%, idxalı isə 6.9% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ildə 29.7% artaraq 1.2 mlrd dollara yüksəlib. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ildə 0.9 mlrd dollar olub. 2023-cü ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.0% artaraq 2.6 mlrd dollar təşkil edib.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.5 mlrd dollar) idxalı (1.1 mlrd dollar) üstələməsi nəticəsində 342 mln dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 30.2% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.1 mlrd dollar olub. Bunun 75.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub.(məkik idxal istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 24.3% azalaraq 36.6 mln dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 30.9% artaraq 1.4 mlrd dollar olub.